Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bəyan edib ki, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsində heç bir güzəştə getməyəcək. “Ermənistan dinc yolla problemin həllini ləngitməkdə davam edərsə, Azərbaycan bu münasibətlə qətiyyən barışmayacaq və nəyin bahasına olursa-olsun, öz torpaqlarını işğaldan azad edəcək. Ermənistan bunu birdəfəlik anlamalıdır” - cümə axşamı Bakıda səfərdə olan Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Ants Laaneots ilə görüşündə Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev bildirib.
Əbiyev deyib ki, münaqişənin dinc şəkildə nizamlanmasına maneçilik törədən Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələrin tələbələrini yerinə yetirmir. Nazir bildirib ki, Estoniyanın NATO üzvü kimi qazandığı təcrübə Azərbaycan üçün böyük maraq kəsb edir.
Estoniya Müdafiə Qüvvələrinin komandanı, öz növbəsində, əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu qeyd edib. Münaqişəyə gəldikdə isə, qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpasının Estoniya üçün prinsipial mövqe təşkil etdiyini və işğal olunmuş torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirib.
Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Ants Laaneots azərbaycanlı həmkarının dəvətilə mayın 29-da Bakıya iki günlük rəsmi səfərə gəlib. //Trend